Küçədə isəniz ətrafınıza, evdə isəniz pəncərədən çölə baxın. Ağaclar, çiçəklər, təpələr, səma, insanlar və digər canlılar… Dünya üzərində indi görə bilmədiyiniz digər yerləri də düşünün; dənizlər, göllər, dağlar, ətrafınızda gördükləriniz xaricində milyardlarla insan, həyatda heç qarşılaşmadığınız milyonlarla növ canlı… Son olaraq da dünyadan kənara çıxın və kainatı düşünün; içində yüz milyardlarla ulduz olan yüz milyardlarla qalaktika, günəş, planetlər, peyklər, kometalar və digər göy cisimlərinin olduğu ucsuz-bucaqsız məkan…
İndi səmimi olaraq vicdanınızın səsinə qulaq asın və düşünün; bütün bu saydıqlarımız niyə və necə var olmuşdur? Canlı və cansız hər şey necə belə qüsursuz sistemdə və uyğunlaşma içində var ola bilir? Kainatdakı bu ehtişamın, canlıların -xüsusilə də insanın- sahib olduğu üstün xüsusiyyətlərdəki hikmət nədir? Bütün bunlar, ən əsas da yer üzündəki yeganə şüur sahibi varlıq olan insan, hansı məqsədlə üçün yer üzündədir?
Allah insanın gerçək yaradılış məqsədini qullarına yol göstərici olaraq endirdiyi Quranda bildirmişdir. Bu məqsəd, insanın özünü yaradan və yaşadan Rəbbimizə qulluq etməsidir.
Allah bir ayəsində bu məqsədi belə bildirir:
…insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zariyat Surəsi, 56)
Budur dünya, yuxarıda saydığımız bütün detallarıyla dənizləri, gölləri, okeanları, çiçəkləri, ağacları, dağları, canlıları ilə birlikdə insanın bu qulluq vəzifəsini yerinə yetirib yetirmədiyinin sınanması üçün Allahın xüsusi olaraq yaratdığı məkandır. Kainat, kainatdakı bütün sistemlər, ulduzlar, planetlər, göy cisimləri də insanın Rəbbimizin böyüklüyünü və sonsuz qüdrətini görməsi və Onun gücünü təqdir edə bilməsi üçün yaradılmışdır. Eyni şəkildə insanın dünya həyatı boyu yaşadığı bütün hadisələr, olduğu bütün məkanlar, qarşılaşdığı bütün insanlar da insanın dünyada yaşadığı imtahanın bir hissəsidir. Allah insanın yaradılış və dünyada olma məqsədinin sınaq olduğunu bir ayədə belə xəbər verir:
Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (İnsan Surəsi, 2)
Bu imtahan mühitində insan, hər an Allahın əmr və qadağanlarına tabe olmaqla, Allahın rızasına uyğun hərəkət etməklə məsuldur. Bu məsuliyyəti rədd və ya inkar edən insanların, sonsuza qədər cəhənnəm əzabı ilə qarşılıq görəcəyi Quranda bildirilmişdir. Çünki bu, Allahın verdiyi bütün nemətlərə qarşı böyük nankorluq və böyük günahdır.
Buna baxmayaraq insanların böyük əksəriyyəti qəribə bir laqeydlik içindədir. Həyatlarının gerçək məqsədini unudaraq, özlərinə tam fərqli mövzular tapır, tam fərqli məqsədlərlə yaşayırlar. Dünyaya aid əhəmiyyətsiz bir mövzu üçün aylarla, illərlə çalışır səy göstərir, amma Allaha qarşı olan məsuliyyətlərini ağıllarına belə gətirmək istəmilər. Dünyadakı məsuliyyətsizliklərinin qarşılığı olaraq axirətdə cəhənnəmlə qarşılıq görəcəkləri ehtimalını isə heç düşünmürlər. Halbuki yer üzündə bu gerçəklərdən xəbərsiz olduğunu söyləyə biləcək tək bir adam belə yoxdur. Allah, Hz. Adəmdən bu yana hər dövrdə insanlara Özünü tanıdan, onlara Özünə necə qulluq edəcəklərini öyrədən Kitablar endirmiş, xəbərdaredici elçilər göndərmişdir ki, bundan sonra insanlar "biz bunlardan xəbərsiz idik" kimi bəhanələr söyləyə bilməsinlər. Bu gerçək bir ayədə belə bildirilir:
Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Nisa Surəsi, 165)
Allahın göndərdiyi elçilər, Qatından endirdiyi kitablarla yanaşı möminlərin insanlara etdikləri təbliğ də bu öyrətmə yollarından biridir. Tarix boyu bir çox imanlı insan digər insanları Allahın dininə dəvət etmiş, ətrafındakı insanlara cənnət və cəhənnəmin varlığını xatırladaraq onları hesab gününə qarşı xəbərdar edib qorxutmuşdur.
Bütün bunlarla yanaşı, fərz edək ki bir insan həyatın gerçək məqsədi haqqında heç bir şey eşitmədiyini, indiyə qədər heç kim tərəfindən xəbərdar edilmədiyini, Allahın kitabını bir dəfə belə oxumamış olduğunu söyləsin. Yenə də bu insan, əvvəldə də ifadə etdiyimiz kimi, ətrafındakı varlıqları, qüsursuz sistemləri düşünərək bunların, sonsuz qüdrət sahibi Yaradıcı tərəfindən mütləq bir məqsədlə yaradıldığını anlaya bilər. Və özünün də -yaradılmış varlıq olaraq- Yaradıcımıza qarşı məsuliyyətləri olduğunu qavraya bilər. Çünki Allah insanı, ona doğrunu və gerçəyi söyləyən vicdanı ilə birlikdə yaratmışdır. Ətrafındakı varlıqları və hadisələri vicdanına müraciət edərək qiymətləndirən, yəni vicdanının səsini dinləyən insan bu gerçəklərə çata bilər.
Necə ki, Quranda bizlərə bildirilən Hz. İbrahim ilə əlaqədar bir hekayə bu mövzuda çox gözəl və açıqlayıcı nümunədir:
Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun! Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi. (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, - söylədi. (Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” (Ən'am Surəsi, 75-79)
Yuxarıdakı hekayədə görüldüyü kimi, Hz. İbrahim yalnız öz vicdanını dinləyərək göylərin və yerin yaradıcısı olan Allahın varlığını qavramış və yalnız ONA qulluq etməsi lazım olduğunu da anlamışdır. Bu nümunədən aydın olduğu kimi, insanın ətrafına, vicdanına müraciət edərək baxması, Allaha qulluq etməsi lazım olduğunu anlaması üçün kifayətdir. Ancaq buna baxmayaraq Allah insanlara lütf etməkdə və yaranma məqsədlərini, Özünə necə qulluq etmələri lazım olduğunu ətraflı şəkildə xəbər verməkdədir. Şübhəsiz bu, Allahın qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibi olduğunun göstəricisi və insanları hidayətə və doğru yola yönəldən Hadi sifətinin təcəllisidir. Üstəlik Allah insana dünyada bir çox vəsilə ilə xatırlatmalar edərkən, bu xatırlatmaları qavraya biləcəyi müddəti də verməkdədir.
Ancaq buna baxmayaraq gördükləri dəlilləri və eşitdikləri gerçəkləri səmimi bir dünyagörüşüylə, vicdanlı şəkildə qiymətləndirməyən insanlar yer üzündə çoxluq təşkil edir. Üstəlik bu insanlar, sonsuz həyatlarında zərərə uğramaqdan söz getdiyi halda, bu gerçəklərə qarşı tamamilə laqeyd münasibət göstərirlər
Ətrafınıza bir daha baxın; uşaqlar, gənclər, kişilər, qadınlar, yaşlı insanlar... Çoxu sanki ölümlə və hesab günüylə heç qarşılaşmayacaqmış kimi gündəlik işlərinə davam edirlər. Biri məktəbə gedir; biri iş yerinə gecikməmək üçün sürətli addımlarla avtomobilinə doğru gedir; bir başqası axşam gələcək qonaqları üçün alış-veriş təlaşına qapılmış; bir başqası isə bir neçə həftə sonra dünyaya gələcək olan nəvəsi üçün hazırlıq edir… Şübhəsiz bunlar hər insanın gündəlik həyatının təbii axışı içində yaşadığı detallardır. Bu sayılanlar əlbəttə son dərəcə normal davranışlardır. Bu nöqtədə səhv olan, insanların bütün bunları qafil halda yaşamaları və Allahın özlərini əhatə etmiş olduğunu, ölümün sürətlə gəldiyini, Allahın hüzurunda Rəbbimizi unudaraq keçirdikləri illərin hesabını verəcəklərini heç düşünməmələridir.
Bəs, insanlar bu qədər açıq gerçəklərə, Allahın varlığının sayısız dəlilinə, ONun qarşısında öz acizliklərinin bir çox əlamətinə baxmayaraq necə bu cür məsuliyyətsiz ola bilirlər? Necə başını quma basdıran bir dəvəquşu kimi gerçəklərə gözlərini bağlaya bilirlər? Üstəlik də bu davranışlarının zərəri özlərinə toxunacaqkən…
Şübhəsiz bu, insanların bir çoxunun, etmələri lazım olanları anlaya bilməmələrindən deyil, əksinə vicdani olaraq doğrunu gördükləri halda bilə-bilə özlərini aldatmalarından qaynaqlanmaqdadır. "Aldatmaq" deyirik, çünki bir az əvvəl də danışdığımız kimi bir çox insanın bu mövzuda məlumatsızlıq ya da qavrayışsızlıq kimi problemi yoxdur. Problem bu kəslərin dünyaya olan ehtiras dərəcəsindəki bağlılıqları və gizli ya da açıq olaraq axirəti inkar etmələri üzündən gerçəklərə səmimi və dürüst yaxınlaşmamalarıdır. Allah Quranda bu tərz insanların varlığından belə danışmışdır:
Yer üzündə haqsız yerə (layiq olmadıqları halda) təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam (mane olacağam). Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdırAyələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin (bütün) əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!” (Ə'raf Surəsi, 146-147)
O kəslər ki, dünyanı axirətdən üstün tutur, Allah yolundan döndərir və o yolu əyri hala salmaq istəyirlər. Onlar azıb uzaq düşmüşlər. (İbrahim Surəsi, 3)
Allah başqa bir ayəsində də insanların özlərini aldadaraq, gerçəklərə gözlərini bağlayaraq qapıldıqları qəflətli ruh halını belə xəbər vermişdir:
İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. (Ənbiya Surəsi, 1)
İnsanın dünyada bütün etdiklərindən hesaba çəkiləcəyi, haqq-hesab günü ilə üz-üzə gələcəyi şübhəsiz açıq-aşkar bir gerçəkdir. Buna baxmayaraq insanın dərin bir qəflət içində olması və bundan çıxıb xilas olmaq üçün səy göstərməməsi ən böyük ağılsızlıq və vicdansızlıqdır. Bu vicdansızlıq axirətdə Allahın diləməsiylə davamlı bir qarşılıq görə bilər.
Əgər siz də özünüzü öz əllərinizlə əsla bərpa edilməyən peşmançılığa aparmaq istəmirsinizsə, diqqət edin. Əsla dünyəvi məqsədlərlə özünüzü aldadıb əyləndirməyin. Sizin bu dünyada olmanızın gerçək məqsədi, nə yaxşı bir karieraya yiyələnmək, nə çox zəngin olmaq, nə də yaxşı bir yuva qurub, oğul-uşaq sahibi olmaqdır. Bunların heç biri gerçək yaranma məqsədiniz deyil. Ən böyük məqsəd, Allaha qulluq edərək ONun razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Əlbəttə insane yaşadığı müddətdə müvəffəqiyyətli bir iş adamı ola bilər, yüksək bir məqama çata bilər, evlənib çoxlu uşağa, nəvəyə də sahib ola bilər, ya da bunlara sahib olmaq üçün səy göstərə bilər. Amma bunları dünyaya aid tək məqsəd halına gətirməmək və bunları yaşayarkən də Allahın razılığını axtarmaq şərtiylə… Yoxsa dünyaya aid bu dəyərlərin hamısı insanın ölümüylə birlikdə mənasını tamamilə itirəcək və insan, etibarlı olan tək şeyin Allaha olan qulluğu olduğunu anlayacaq. Allah bir ayəsində bu gerçəyə belə diqqət çəkir:
Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarından əmin-amanlıq içində yaşayacaqlar. (Səba Surəsi, 37)
Allah başqa ayələrində dünyada malı və sahib olduğu imkanları ilə özünü aldadaraq yaradılış məqsədini unudan, bu səbəblə axirətdə böyük bir hüsrana uğrayan insanların vəziyyətindən belə bəhs edir:
" Kaş o (ölüm) qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm (səltənətim) də məhv olub getdi! (Allah buyruq verər:) " Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! " (Haqqə surəsi, 27-31)

0 şərh:
Yorum Gönder