Quranda bildirildiyinə görə, hər şeydən əvvəl şeytan sanıldığı kimi müstəqil bir gücə sahib deyil. Allahın yaratdığı və Onun idarəsində olan bir varlıqdır. Dünyada etdiyi bütün fəaliyyətlər ancaq Allahın izni ilə reallaşır. Şeytan Allahın hüzurundan qovulduqdan sonra Allahdan qiyamətə qədər möhlət istəmişdir. Şeytanın Allahın hüzurundan qovulması və aldığı bu möhlət ayələrdə belə bildirilir:
Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!”-dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. (Allah İblisə) “Mən sənə əmr edəndə sənə nə mane oldu?”-deyə buyurdu. (İblis) “Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”-dedi. (Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Çıx, çünki sən alçaqlardansan!” (İblis) dedi: “Mənə qiyamətə qədər möhlət ver!”(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” (İblis) dedi: “Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam!” Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!” (Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və kənar edilmiş halda çıx. Onlardan hər kim sənə uysa (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!”(Ə'raf Surəsi, 11-18)
Şeytan sonsuz əzaba məhkum olaraq Allahın hüzurundan qovulduqdan sonra insanları da özü kimi sapdıracağına and içmiş və hiyləgər fəaliyyətlərinə başlamışdır. Allah şeytanın bu fəaliyyətlərini Özünə iman və qulluq edənlərlə-etməyənləri ayırd etmək üçün bir imtahan vasitəsi etmişdir. Buna görə şeytanın hiyləgər oyunları, tələləri və planları dünyada yaşayan, yəni imtahanı davam edən bütün insanlara aiddir. Şeytan istisna etmədən bir-bir hər kəsi aldatmaqla məşğul olacaq. Buna görə heç kim şeytanın təsirini özündən uzaq görməməlidir. Əgər insan bu təhlükənin şüurunda olsa, diqqətli davranar və şeytanın ən kiçik tələsini belə anlaya bilər. Amma əgər özündən uzaq görsə asanlıqla şeytanın təsiri altına düşə bilər. Bu səbəbdən şeytan Allahın səmimi qullarına təsir edə bilməz, çünki onlar şeytanın doğru yoldan sapdırmağa çalışacağını heç bir zaman unutmaz və hər vaxt onun təsirinə qarşı təmkinli davranarlar.
Şeytanın pis təlqini hər an özünü göstərə bilər. İnsan gündəlik həyatında qarşılaşdığı hər hadisədə səhv edə bilər. Əgər səmimi imana sahib deyilsə, bu təsir onun bütün həyatını əhatə edər ki, bunun nəticəsində insanı cəhənnəmə qədər sürükləyər. Şeytanın hədəfi də tam olaraq budur. Şeytan insanların Allaha qarşı isyan etmələrini və bunun nəticəsində sonsuza qədər əzab içində qalmalarını istəyir. Cəhənnəmə girənə qədər onlardan əl çəkməz. Böyük-kiçik bütün tələlərinin, insanları davamlı müşahidə etməsinin, fürsət gözləməsinin məqsədi insanları da özü ilə birlikdə cəhənnəmə sürükləməkdir. Allah bir ayəsində şeytanın bu düşmənçiliyinə qarşı insanları xəbərdar etmişdir:
Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır. (Fatir Surəsi, 6)
Şübhəsiz Allah bu ayəsi ilə böyük bir təhlükəyə diqqət çəkmişdir. Şeytan insanlığın başlanğıcından bu yana Allaha iman etməyən saysız-hesabsız insan üzərində bu hədəfinə çatmışdır. Bu vəziyyətə ayələrdə diqqət çəkilmişdir:
İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mömin istisna olmaqla, hamısı ona uydu. Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inanla ona şəkk edəni ayırd edib bilmək üçün (ona bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Səba Surəsi, 20-21)
Amma qeyd etmək lazımdır ki, Allah Quranda şeytanın hiyləsinin zəif olduğunu da bildirmişdir. (Nisa Surəsi, 76) Yuxarıdakı ayədə də göründüyü kimi, şeytanın insanları məcbur etməsi mümkün deyil, onun buna gücü də çatmaz. Şeytan insanları yalnız çağırar və Allaha səmimi olaraq iman etməyən, axirəti inkar edən insanlar bu çağırışa uyaraq özlərini zərərə sürükləyərlər. Axirətdə şeytanın etirafı bir ayədə belə bildirilir:
İş bitdikdə şeytan belə deyəcək: "Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənin dadıma. Mən öncə sizin məni şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalimləri şiddətli bir əzab gözləyir!" (İbrahim Surəsi, 22)
Şeytanın hiyləsi zəifdirsə, etdiyi mənfi təlqinlərin təsirindən xilas olmaq da son dərəcə asandır. Allah insanlara bu təsirdən uzaqlaşmanın yollarını da ayələri ilə belə bildirir:
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal görən olarlar. (Ə'raf Surəsi, 200-201)
Bu ayələrdən də göründüyü kimi, şeytanın iman etmiş insanlar üzərində təsiri mümkün deyil. Şeytanın mənfi təsirindən uzaqlaşmanın yolu da əvvəlcə sonsuz qüdrət sahibi olan Allaha sığınmaq və Allahın ayələri üzərində düşünməkdir. Qəflətə qapılmadan zehin açıqlığı ilə düşünən və həqiqətləri görə bilən insan şeytanın özünü aldatmasına qarşı son dərəcə diqqətli olar və onun tələsinə düşməz, imanı, dayanıqlılığı və Allaha olan sədaqəti ilə şeytanın tələsini pozar.
Amma insanların əksəriyyəti özləri üçün belə bir təhlükənin olduğunu düşünməz, buna görə şeytanın təlqinlərinə qarşı Allaha sığınmazlar. Şeytan qəflət içindəki bu insanlara hiyləgərcə yaxınlaşar və öz təlqinlərini pıçıldayar. Bəzi insanların həqiqətləri bilə-bilə özlərini aldatmalarının səbəblərindən biri də şeytanın bu təlqinlərinə və vəsvəsələrinə qulaq asmaları, ona uymalarıdır.
Belə bir sual meydana çıxır: Şeytan ağlı başında kimi görünən o qədər insanı bu dərəcədə ağılsız hərəkətləri etməyə necə məcbur edə bilər? Hansı yolları istifadə edərək özlərini aldatmalarına və sonu cəhənnəmlə bitəcək bir yola düşmələrinə səbəb ola bilər?
İrəliləyən yazılarda şeytanın təlqininə qapılaraq özlərini aldadan bəzi insanların halları, məqbul zənn etdikləri bəhanələri, özlərini aldatma səbəbləri və bu insanların düşdükləri ibrətverici vəziyyət izah ediləcək. Şeytanın bu insanları hansı yollarla aldatdığına və əzaba sürüklədiyinə diqqət çəkiləcək və beləcə səmimi insanların bu hiyləgər metodlara qarşı təmkinli olmaları xatırladılacaq.

0 şərh:
Yorum Gönder