ÖZÜNÜ ALDATMADAN SƏMİMİ DİNDAR OLMAQ

Ətrafımızdakı varlıqların – dünyada olan canlıların və kainatdakı canlı-cansız hər şey üzərində düşünməyin vacibliyini və bu düşüncənin nəticəsində insanın yaradılış məqsədinin Allaha qulluq etmək olduğu həqiqətinə əvvəlki hissə toxunmuşduq. Bu hissədə çox əhəmiyyətli bir mövzudan bəhs edəcəyik.
Hal-hazırda neçə yaşındasınızsa, məsələn 30 yaşınız varsa, bundan 30 il 10 ay əvvələ nəzər yetirək: Yer üzündə bir varlığınız olmadığı kimi, var olacağınıza dair bir işarə də yox idi.
Sonra bir spermanın yumurta hüceyrəsi ilə birləşməsi və 9 aylıq inkişaf müddəti nəticəsində bir körpə olaraq dünyaya gəldiniz, yəni yox ikən var oldunuz. Əvvəl tək bir hüceyrə idiniz, sonra bu hüceyrə bölünərək iki hüceyrə oldu, sonra dörd, səkkiz, on altı, otuz ikiNəticədə də milyardlarla hüceyrədən yaranan əli, ayağı, gözləri, qulaqları, burnu, qan dövranı, tənəffüs sistemi olan bir canlı oldunuz. Üstəlik bir hüceyrə ikən düşünə bilən, görə bilən, hiss edə bilən, zövq alan, şüur sahibi bir varlıq oldunuz. Bunun nə qədər fövqəladə bir hadisə olduğunu bir az düşündüyünüzdə asanlıqla qavraya bilərsiniz.
Yaxşı, bu möcüzəvi hadisə necə reallaşdı? Gözlə görülməyən iki parçanın birləşməsilə necə şüurlu bir varlıq meydana gəldi və bu varlıq dünyaya əli-ayağı düz görünüşlü bir körpə olaraq gəldi? Bu sualların cavabları aşağıdakı ayələrdə verilmişdir:
Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, düşünüb anlayasınız deyə edilir. Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq: “Ol!” – deyər, o da dərhal olar. (Mömin Surəsi, 67-68)
Bu ayələrdə bütün insanların və bütün varlıqların Yaradıcısının Allah olduğu və insanların bu reallıq qarşısında ağıllardan istifadə etməyin lazım olduğu xatırladılır. Ağlını istifadə edən insan əsl yaradılış məqsədinə çatacaq və Allahın dininə təslim olacaq, Onun razılığını və rəhmətini qazanmaq üçün çalışaraq həyatını davam etdirəcək. Allah Quranda insanlara öz yaradılışlarını düşünərək aldanışlardan, yanılmalardan uzaq olmalarını belə əmr etmişdir:
Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. Xeyr, daha doğrusu, siz haqq-hesab gününü yalan sayırsınız! Sizin üstünüzdə gözətçi mələklər - yazan və çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər. (İnfitar Surəsi, 6-12)
Ancaq bütün bu həqiqətlərə baxmayaraq, insan aldanıb-yanılmağa, yanlış yola sapmağa, özünü aldadaraq ömrünü boş işlərə sərf etməyə, Yer üzündəki mövcud olan möcüzələri vicdansızlıq edərək görməməyə, eşitməməyə və ya görüb anlamazlıqdan gəlməyə meyllidir. Əgər insan Allahın varlığı və böyüklüyünü düşünməz, ağlını istifadə etməzsə sonsuz bir peşmanlıqla qarşılaşa bilər. Buna görə insanların özlərini aldatmamaları, dünyadakı hər şeyin bir məqsədlə yaradıldığını, sahib olduqları bütün nemətlərin bir hikmətlə verildiyini və hesab günü bütün bunlardan sorğulanacaqlarını unutmamaları lazımdır.

0 şərh:

Yorum Gönder